Lənkəran və ümumilikdə cənub bölgəsinin ziyalı ictimaiyyəti ağır itki ilə üzləşib.
Sabiq millət vəkili, milli azadlıq hərəkatının öncül simalarından biri, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Aktının əsas müəlliflərindən olan tarix elmləri doktoru, professor Hacıbaba Əzimov bu gün vəfat edib.
1 avqust 1938-ci ildə Lənkəranda anadan olan Hacıbaba Əzimov ömrünü Azərbaycan dövlətçiliyinə, milli düşüncənin inkişafına və elmə həsr edib. O, milli azadlıq hərəkatının fəal iştirakçılarından biri kimi Azərbaycanın müstəqillik tarixində mühüm iz qoyub.
Hacıbaba Əzimov həm də Lənkəran Dövlət Universitetinin yaradıcısı və ilk rektoru kimi bölgədə ali təhsilin inkişafına böyük töhfələr verib. Onun rəhbərliyi dövründə universitet cənub bölgəsinin əsas elm və təhsil mərkəzlərindən birinə çevrilib, yüzlərlə gəncin savadlı kadr kimi yetişməsində mühüm rol oynayıb.
Professor Hacıbaba Əzimovun fəaliyyəti yalnız elm və təhsillə məhdudlaşmayıb. O, ictimai-siyasi həyatda da daim fəallığı, milli mövqeyi və vətənpərvərliyi ilə seçilib.
