Astara Tarix-Diyarşünaslıq Muzeyində 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Astara Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Bölünmüş dünyanı muzeylər birləşdirir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Astara rayonu üzrə nümayəndəsi, YAP Astara rayon təşkilatının təmsilçiləri, Astara Mədəniyyət Mərkəzinin əməkdaşları, Hamoşam kənd klubu, Təngərüd kənd mədəniyyət evi, Lovayn kənd mədəniyyət evi, Siyaku kənd mədəniyyət evi, Kakalos kənd mədəniyyət evi, Astara MKS-in direktor əvəzi, Astara rayonu üzrə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası İdarəsinin mütəxəssisi, Astara şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbin və C.Babayev adına liseyin müəllim və şagirdləri, eləcə də fəxri qonaq qismində əməkdar mədəniyyət işçisi Fərbiyə Şabanova iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər qeyd ediblər ki, hər il müxtəlif devizlər altında keçirilən Beynəlxalq Muzeylər Günü muzey əməkdaşlarını bir araya gətirməklə yanaşı, ictimaiyyətin diqqətini muzeylərə yönəldir. Bildirilib ki, bu gün münasibətilə muzeylər ziyarətçilər üçün “Açıq qapı” günü elan edir və hər kəsə pulsuz xidmət göstərilir.
Vurğulanıb ki, muzeylər tarixi, maddi və mənəvi irsimizi qoruyan, yaşadan və gələcək nəsillərə çatdıran mühüm mədəniyyət ocaqlarıdır. Muzeylər yalnız eksponatların qorunub saxlanıldığı məkan deyil, həm də xalqın yaddaşını yaşadan, keçmişlə bu gün arasında körpü rolunu oynayan müqəddəs ünvanlardır.
Tədbirin sonunda Siyaku və Təngərüd kənd mədəniyyət evlərinin əməkdaşları tərəfindən muzeyin fonduna hədiyyələr təqdim olunub.

