Biləsuvar rayonunda sakinlərin asudə vaxtının səmərəli təşkili və şəhərin ekoloji mühitinin yaxşılaşdırılması məqsədilə yeni parkın salınmasına başlanılıb.
Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində şəhərin Heydər Əliyev küçəsində, çoxmərtəbəli yaşayış binalarının yaxınlığında yeni məhəllədaxili park yaradılır.
Hazırda Biləsuvar Şəhər Kommunal Müəssisələr Kombinatının və DOST xidmətinin əməkdaşları tərəfindən ərazidə abadlıq işləri aparılır, çoxlu sayda həmişəyaşıl ağac əkilərək onlara aqrotexniki qulluq göstərilir.
Layihə çərçivəsində yalnız park ərazisi deyil, yaxınlıqda yerləşən yaşayış binalarının ətrafı da abadlaşdırılır, sakinlər üçün daha rahat və estetik mühit formalaşdırılır.
Yeni parkın istifadəyə verilməsi şəhər sakinlərinin istirahəti üçün əlverişli məkan yaradılması ilə yanaşı, Biləsuvarın ekoloji görünüşünə də müsbət töhfə verəcək.

