18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Lənkəran Dövlət Dram Teatrı kollektivinin Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə ziyarəti baş tutub.

Tarix üzrə fəlsəfə doktoru, dosent Leyla Məcidovanın rəhbərlik etdiyi muzeydə keçirilən görüş milli-mədəni irsin təbliği və qorunması baxımından əlamətdar hadisə kimi yadda qalıb.

Tədbir zamanı Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova çıxış edərək Beynəlxalq Muzeylər Gününün əhəmiyyətindən danışıb. O bildirib ki, muzeylər xalqın keçmişini yaşadan, milli yaddaşı qoruyan və onu gələcək nəsillərə ötürən müqəddəs mədəniyyət ocaqlarıdır.

Laləzar Hüseynova vurğulayıb ki, teatr və muzey eyni amal uğrunda — milli-mənəvi dəyərlərin yaşadılması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində fəaliyyət göstərən iki mühüm sənət və mədəniyyət məkanıdır.

Daha sonra muzeyin əməkdaşı Səriyyə Quliyeva kollektivə bələdçilik edərək eksponatlar haqqında ətraflı və maraqlı məlumatlar təqdim edib.

Ziyarət iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və mədəniyyət müəssisələri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verib.

By admin