Mayın 18-də Heydər Əliyev Mərkəzində rayonun mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirakı ilə seminar-müşavirə təşkil olunub.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Seminar-müşavirədə çıxış edən Lənkəran-Astara Regional Mədəniyyət idarəsinin rəisi Bəxtiyar Qılıncov Mədəniyyət Nazirliyi tərəfindən müəyyən edilmiş tapşırıqların və prioritet istiqamətlərin icrasının vacibliyini diqqətə çatdırıb. Bildirilib ki, mədəniyyət sahəsində həyata keçirilən fəaliyyətlərin ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsi mühüm əhəmiyyət daşıyır.
Çıxış zamanı mədəniyyət sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verilərək, idarəetmədə müasir yanaşmaların tətbiqi, iş proseslərinin səmərəli təşkili və fəaliyyətlərin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin önəmi vurğulanıb.
Tədbirdə “Azərbaycan mədəniyyəti-2040” Konsepsiyasına da toxunulub. Qeyd olunub ki, sənəd milli-mənəvi dəyərlərin qorunması, mədəni irsin gələcək nəsillərə ötürülməsi və mədəniyyət sahəsində yeni inkişaf modelinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Konsepsiyada Azərbaycan dili, ədəbiyyat, incəsənət, mədəni irsin qorunması və bilik mədəniyyətinin inkişafı əsas istiqamətlər kimi müəyyənləşdirilib.
Seminar-müşavirə çərçivəsində müəssisələrdə daxili intizam qaydalarına riayət olunması, insan resurslarından səmərəli istifadə məqsədilə həyata keçirilən optimallaşdırma və rotasiya tədbirləri, sənədləşmə işlərinin təkmilləşdirilməsi, eləcə də daxili nəzarət mexanizmlərinin gücləndirilməsi məsələləri geniş müzakirə olunub.
Sonda media və kommunikasiya sahəsinə diqqət çəkilərək, idarənin rəsmi internet səhifəsi və sosial media platformaları vasitəsilə ictimaiyyətin operativ məlumatlandırılmasının vacibliyi vurğulanıb, bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.

