Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və AYB Lənkəran Bölməsinin birgə təşkilatçılığı ilə Kitabxananın iclas zalında Xalq şairi Söhrab Tahirin anadan olmasının 100 illiyi münasibətilə “Ədəbiyyatımızın unudulmaz siması” adlı tədbir keçirilib.
Tədbirdə şairlər, yazıçılar, kitabxana əməkdaşları, tələbələr və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə AYB Lənkəran Bölməsinin sədri Qafar Cəfərli açaraq, Söhrab Tahirin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, 90 illik ömür yolu keçən şair məhsuldar ədəbi fəaliyyəti ilə Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verib, müxtəlif janrlarda zəngin ədəbi irs yaradıb.
Yubilyarın yaradıcılığı barədə AYB Lənkəran Bölməsinin ədəbi məsləhətçisi Ağamir Cavad məruzə ilə çıxış edib.
Tədbirdə Lənkəran MKS-in 1saylı şəhər kitabxana filialının Kitabxanaçısı Zemfira Təhməzli, şairlər Xatirə Xatun, Əhməd Haqsevər, Xudaverdi Cavad, yazıçı Qardaşxan Fərzi, əməkdar məşqçi İdrak Dadaşov çıxış edərək görkəmli şairlə bağlı xatirələrini və düşüncələrini bölüşüblər.
Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin şagirdləri Zəhra Kərimli və Səbinə Əzimovanın ifasında Söhrab Tahirin şeirləri səsləndirilib, kitabxananın əməkdaşı Habil Axundov tərəfindən şairin sözlərinə bəstələnmiş mahnı ifa olunub. Musiqili çıxışlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sonda Qafar Cəfərli çıxış edərək tədbirin təşkilində xüsusi əməyi olan Lənkəran MKS-in direktoru Arzu Rufullayevaya, ictimai fəal Allahverən Pərvizoğluya və tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

