Astarada Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə keçirilən bədii qiraət müsabiqəsinin final mərhələsi uğurla başa çatıb.
Astara Rayon Mədəniyyət Mərkəzi, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin final mərhələsi mayın 30-da baş tutub.
Mayın 25-də yarımfinal mərhələsi ilə start götürən müsabiqəyə 150-yə yaxın iştirakçı böyük həvəs və maraqla qatılıb. Final mərhələsinə vəsiqə qazanan 33 iştirakçı söz sənətinə olan sevgisini, bədii qiraət bacarığını və istedadını nümayiş etdirib.
Münsiflər heyəti çıxışları diqqətlə qiymətləndirərək qalibləri müəyyənləşdirib. Gərgin və maraqlı mübarizə şəraitində keçən müsabiqənin sonunda iştirakçılar I, II və III yerlər üzrə fəxri fərman, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Müsabiqənin münsiflər heyətində Lənkəran Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Sucəddin Mirzəyev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri Xədicə Əliyeva, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Cəfərli, bədii qiraətçi Elvin Qafarov, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı Fəranə Mikayılova, şair Təbrizə Rəsulova, Astara Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Şahin Əliyev və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Astara rayonu üzrə nümayəndəsi Anar Kəkəyev yer alıblar.
Mükafatlandırma mərasimində çıxış edən münsiflər gənc istedadların uğurlarını yüksək qiymətləndirərək belə layihələrin Azərbaycan ədəbiyyatının və poeziyasının təbliğində mühüm rol oynadığını bildiriblər.
Tədbirdə Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxovanın təbrik məktubu da iştirakçıların diqqətinə çatdırılıb.
Sonda çıxış edən Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Astara rayonu üzrə nümayəndəsi Anar Kəkəyev iştirakçılara və tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib. O qeyd edib ki, bu müsabiqə Azərbaycan şeirinin yaşadığını, sözün gücünün insanlarda yeni duyğular oyatdığını bir daha nümayiş etdirdi.
Yüksək təşkilatçılığı və səmimi atmosferi ilə yadda qalan müsabiqə iştirakçılar və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin sonunda iştirakçılar və qonaqlarla xatirə şəkilləri çəkdirilib.

