Astara rayonunun E.Baxşıyev adına Rinə kənd tam orta məktəbinin 2001-ci il məzunları məktəbi bitirmələrinin 25-ci ildönümündə yenidən bir araya gəliblər.
Keçmiş sinif yoldaşlarının görüşü həm kövrək xatirələr, həm də vətənə sədaqət nümunəsi ilə yadda qalıb.
Tədbirin ən yaddaqalan məqamlarından biri şəhid ailəsinə göstərilən diqqət və ehtiram olub. Belə ki, məzunlardan biri olan şəhid atası Mürsəl Kəkəyevin sinif yoldaşları tərəfindən onun oğlu, Vətən uğrunda canından keçmiş şəhid Ramin Kəkəyevin xatirəsinə hazırlanmış şəhid lövhəsinin açılışı həyata keçirilib. Bu təşəbbüs iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və duyğulu anlar yaşadıb.
Qeyd edək ki, şəhid Ramin Mürsəl oğlu Kəkəyev 1 fevral 1984-cü ildə Astara rayonunun Siyəku kəndində anadan olub. O, 4 aprel 2002-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 28 avqust 2003-cü ildə Ağdam rayonunun Əhmədağalı kəndi istiqamətində düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub və Vətən uğrunda canından keçərək əbədiyyətə qovuşub.
25 illik məzun görüşündə şəhidin xatirəsinə göstərilən ehtiram tədbirə xüsusi məna qatıb. Bu addım həm qəhrəman şəhidimizin əziz xatirəsinin yaşadılması, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından nümunəvi hadisə kimi dəyərləndirilib.
Görüş zamanı məzunlar məktəb illərinə aid xatirələrini bölüşüb, keçmiş günləri yada salıb, müəllimləri və sinif yoldaşları ilə bağlı unudulmaz anları xatırlayıblar. Səmimi söhbətlər və xoş təəssüratlarla müşayiət olunan tədbir iştirakçıların qəlbində dərin iz buraxıb.
Sonda xatirə şəkilləri çəkdirilib və məzunlar bu görüşün onların həyatında xüsusi yer tutacağını vurğulayıblar. Beləliklə, E.Baxşıyev adına Rinə kənd tam orta məktəbinin 2001-ci il məzunlarının 25 illik görüşü həm dostluq və birlik, həm də şəhid xatirəsinə ehtiram nümunəsi kimi yaddaşlarda qalıb.

