İyulun 8-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təsdiq olunmuş təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Viravul kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.

Görüşdə Şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, eləcə də yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.

Taleh Qaraşov əvvəlki səyyar qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin icra vəziyyəti barədə məlumat verərək bildirib ki, vətəndaşların bütün müraciətlərinə həssas yanaşılır, qaldırılan məsələlərin qanunvericiliyə uyğun, ədalətli və obyektiv həlli istiqamətində zəruri tədbirlər görülür. O qeyd edib ki, vətəndaşların müraciət hüququnun təmin olunması, müraciətlərə baxılarkən ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, fiziki və hüquqi şəxslərin hüquq və qanuni mənafelərinin qorunması Prezident İlham Əliyevin dövlət məmurları qarşısında müəyyən etdiyi əsas tələblərdəndir.

İcra başçısı, həmçinin Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə qarşıya qoyulan vəzifələr barədə sakinləri məlumatlandırıb. Bildirilib ki, aqrar sahədə məhsuldarlığın artırılması, iqlim dəyişikliklərinə uyğunlaşma, su ehtiyatlarından səmərəli istifadə və kənd təsərrüfatı məhsullarının emal edilərək ixrac potensialının genişləndirilməsi əsas prioritet istiqamətlərdəndir.

Görüş zamanı Viravul kənd sakinləri onları narahat edən məsələləri, təklif və istəklərini sərbəst şəkildə səsləndiriblər. Sakinlər dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın möhkəmlənməsindən məmnun olduqlarını bildirərək, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

By admin