“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası, Azərbaycan Respublikası Prezidentinin mədəniyyətin inkişafına dair müvafiq sərəncamları və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi çərçivəsində Lənkəran Dövlət Dram Teatrı növbəti uğurlu qastrol səfərini Siyəzən rayonunda həyata keçirib.

9 iyul 2026-cı il tarixində teatr kollektivi görkəmli yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı Siyəzən tamaşaçılarına təqdim edib.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynovadır.

Səhnə əsəri Siyəzən tamaşaçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Aktyorların peşəkar ifası, uğurlu səhnə həlli və əsərin aktuallığı izləyicilər tərəfindən yüksək qiymətləndirilib. Tamaşa rayon ictimaiyyətinin diqqətini cəlb edərək tamaşaçılarda dərin emosional təəssürat yaradıb.

Tamaşanın sonunda Siyəzən Rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyada Dadaşova çıxış edərək, başda Laləzar Hüseynova olmaqla, teatrın bütün kollektivinə təşəkkürünü bildirib. O, müasir Azərbaycan yazarlarının əsərlərinin səhnələşdirilməsini Lənkəran Dövlət Dram Teatrının uğurlarından biri kimi dəyərləndirərək, nümayiş olunan tamaşanın yüksək estetik zövq bəxş etdiyini vurğulayıb.

Lənkəran Dövlət Dram Teatrının direktoru Laləzar Hüseynova isə göstərilən səmimi qonaqpərvərliyə görə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzova, Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal müəllimə və rayon ictimaiyyətinə minnətdarlığını ifadə edib.

Qeyd olunub ki, bu cür qastrol səfərləri bölgələrdə teatr sənətinin təbliği, yeni tamaşaçı auditoriyasının formalaşdırılması, müasir Azərbaycan dramaturgiyasının daha geniş ictimaiyyətə çatdırılması və milli teatr sənətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Səfər xatirə şəkillərinin çəkdirilməsi ilə yekunlaşıb.

By admin