Həyat bəzən ən gözəl naxışlarını vaxtsız yarımçıq qoyur, ən xeyirxah qəlbləri səs-soraqsız aparır. Masallı elinin, doğma Mahmudavar kəndinin başını ucaldan, insanlığı və peşəkarlığı ilə hər kəsin sevgisini qazanan gənc və mahir baytar həkim Aqşin Səfərovun gedişi də ürəkləri sızladan, vaxtsız gələn amansız bir ayrılıq oldu. O, təkcə bir həkim deyil, elin-obanın dar günündə dadına çatan xeyirxah bir insan, nəcabəti ilə seçilən bir şəxsiyyət idi.
1983-cü ildə Mahmudavar kəndində dünyaya göz açan Aqşin həkimin xasiyyətindəki o mülayimlik, ədəb və əxlaq təsadüfi deyildi. O, köklü, nəcabətli və el sınağından çıxmış bir ailənin övladı idi. Masallıda hər kəsin böyük ehtiramla xatırladığı tanınmış həkim, Cəsayıl həkimin ailə dəyərlərinə, ocaq tərbiyəsinə verdiyi önəm Aqşinin sümüyünə, qanına işləmişdi. Aqşin Səfərov atası Cəsayıl həkimin təkcə adını və peşəsini deyil, həm də onun insanlıq irsini, xeyirxahlıq missiyasını çiyinlərində daşıyırdı. O, atasının yolunu layiqincə davam etdirərək bu adı daha da ucaltdı.
1990-2001-ci illərdə Mahmudavar kənd orta məktəbində aldığı təhsil onun gələcək ziyalılığının ilk təməli oldu. Vətən qarşısındakı müqəddəs borcunu hərbi xidmətini il yarım fədakarlıqla başa vurduqdan sonra, o, elm yolunu seçdi. Azərbaycan Dövlət Aqrar Universitetində magistr dərəcəsinə qədər yüksələn Aqşin Səfərov, öz sahəsinin mükəmməl bilicisi olmaq üçün gecəsini gündüzünə qatdı.
2008-ci ildən etibarən ömrünün 18 ilini fədakarlıqla baytarlıq sahəsinə həsr edən Aqşin Səfərov, qısa zamanda Masallı rayon Baytarlıq İdarəsində öz sözünü dedi. Savadı, operativliyi və işinə olan sonsuz sevgisi onu Masallı rayonu üzrə Baş Baytar statusuna qədər yüksəltdi.
O, təkcə rutin işlərlə kifayətlənmədi,yenilikçi ağlı və qətiyyəti sayəsində Masallı baytarlıq tarixində ilk dəfə heyvanlarda keysəriyyə əməliyyatını uğurla icra edən ilk həkim oldu. Bu, onun sadəcə bir mütəxəssis deyil, öz peşəsinin fədakar bir fəthi, mahir bir ustadı olduğunun bariz sübutu idi.
Hər çağırışa tələsən xeyirxah qəlbə sahib,
Aqşin həkimi xalqın gözündə ucaldan onun təkcə tibbi savadı deyil, həm də səmimiyyəti və insanpərvərliyi idi. Gecənin hansı vaxtı, günün hansı saatı olursa-olsun, kiminsə köməyə ehtiyacı varsa, Aqşin həkim dərhal ora tələsərdi. Yorulmaq bilmədən, təmənnasız və böyük məsuliyyətlə hər kəsin çağırışına vaxtında yetişər, şəfa paylayardı. Onun xoş xasiyyəti, hər kəsə doğma münasibəti bəlkə də gətirdiyi dərmanlardan daha çox şəfa verirdi ətrafa.
Amansız fələk onu, peşəsinin və ömrünün ən yetkin, ən gözəl çağında 2026-cı ilin bu ilıq günlərində sıralarımızdan vaxtsız apardı. Ölüm onu sevdiklərindən, doğma Masallısından, həyatını həsr etdiyi müqəddəs peşəsindən ayırdı.
Gənc yaşda fani dünyadan köçən Aqşin Cəsayıl oğlu Səfərov cismanən bizimlə olmasa da, Masallı elinin yaddaşında dərin, silinməz bir iz qoyub getdi. O, qısa, lakin şərəfli ömür yolunda ədəb, əxlaq və vicdan mücəssəməsi olmağı bacardı.
Şəfa paylayan əllərin, o nurani çöhrən və nəcib qəlbin heç vaxt unudulmayacaq, Aqşin həkim! Sənin təmiz adın, geridə qoyduğun xoş xatirələr və ata ocağına gətirdiyin ucalıq səni tanıyanların qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin, məkanın cənnət olsun, gözəl insan!
Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru, dosent, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Leyla Qadir qızı Məcidova


